CƏMİYYƏT1.3.2024 17:30

Fərhad Hacıyev: Dördüncü “Yüksəliş” müsabiqəsində onlayn imtahan mərhələləri qismən azaldılıb

3392

Dördüncü “Yüksəliş” müsabiqəsində əvvəlki illərdən fərqli olaraq onlayn imtahan mərhələləri qismən azaldılıb.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev söyləyib. O bildirib ki, müsabiqənin ilk mərhələsi onlayn formatda DİM-də həyata keçiriləcək.

“Bu il baş tutacaq müsabiqədə 10 mindən artıq vətəndaşın iştirakı gözlənilir. Ümumi biliklərin yoxlanıldığı ilk mərhələ onlayn olsa da, digər mərhələlər əyani sürətdə baş tutacaq.

Final mərhələsində də ötən müsabiqələrdən fərqli olaraq yeni qiymətləndirmə metodologiyası tətbiq olunacaq”.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.

YUXARI