GÜNDƏM28.10.2021 08:57

Erməni mənşəli ABŞ vətəndaşı Ceyms ifşa faktlarını açdı - VOMA tərkibində Qarabağda Azərbaycana qarşı vuruşdum...

107

Özünü Ceyms kimi təqdim edən ABŞ vətəndaşı olan erməni Ermənistan mətbuatına bildirib ki, başqa ölkənin vətəndaşı olmasına baxmayaraq VOMA-nın tərkibində Qarabağda Azərbaycan ordusuna qarşı döyüşüb.

Başqa muzdlular kimi o da Ermənistana gələndə ona “Ermənistan vətəndaşı” olduğuna dair  saxta  pasport verilib. O, qeyd edib ki, İkinci Qarabağ Müharibəsində iştirak etmək üçün evini və maşınını satıb, bilet alaraq Ermənistana gəlib. Ceymsin sözlərinə görə, onunla yanaşı digər xarici ölkə vətəndaşları da Qarabağda döyüşmək üçün Ermənistana gəliblər və VOMA-nın tərkibində təlim keçiblər.

Məlumata görə, İrəvanda rəsmi qeydiyyata alınmış VOMA ictimai təşkilatının uzvləri “yalnız ermənilər və erməni diasporunun mənsubları”dır, burada onlara təlimlər keçilir.

Artıq xarici vətəndaşlar özləri açıq şəkildə etiraf edirlər ki, muzdlu kimi İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusuna qarşı vuruşublar. Onlar bunu açıq şəkildə KİV-də bəyan edirlər. Adam açıq səkildə etiraf edir ki, xarici vətəndaş olsa da Ermənistana gəlib və VOMA-nın tərkibində İkinci Qarabağ Müharibəsində Azərbaycan ordusuna qarşı döyüşüb...

Azərbaycana qarşı muzdlu döyüşçü ittihamı irəli sürən bəzi dünya ölkələri və beynəlxalq təşkilatlar bəs bu faktlar üzərində niyə dayanmırlar?

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, hələ müharibənin əvvəlində də, gedişində də Azərbaycan Ermənistanın silahlı birləşmələrinin tərkibində muzdlu döyüşçülərin döyüşdüyünü, onların əsasən terror qruplaşmalarının üzvləri olduqlarını bəyan edir və ortaya konkret faktlar qoyurdu, amma onda da indiki kimi dünya birliyi bu faktları görməzdən gəlirdi. “Biz bunu faktlarla dünyaya sübut edirdik, amma buna əhəmiyyət vermək istəmirdilər. Bildirirdilər ki, Ermənistan vətəndaşı olan insanlar xaricdən gəlib öz “vətən”ləri üçün döyüşürlər. Amma biz bilirdik ki, “erməni” adı altında xaricdən muzdlular, terror qruplaşmaların üzvləri pul qarşılığında gəlib Qarabağda Azərbaycan ordusuna qarşı döyüşüblər. Bunların da əksəriyyəti İraqda, Suriyada, Əfqansıtanda döyüşən terrorçulardır. Ermənistan onların əksəriyyətinə saxta vətəndaşlıq verməklə, onları “erməni” adlandırmaqla həm Azərbaycanı, həm də dünya ictimaiyyətini aldatmağa çalışırdı. Eyni zamanda bununla sanki dünya ermənilərinin “Qarabağ uğurunda”, Ermənistan uğurunda və sair istiqamətində vətənpərvərlik göstərdiklərini nümayiş etdirmək istəyirdi. Amma Ermənistanın bu saxta təbliğatı işləmədi, iflasa uğradı və Azərbaycan tərəf erməni tərəfin saxtakarlığını faktlarla, əsaslarla ifşa etdi və yalançı erməni təbliğatını darmadağın etdi”.

M.Göyüşlünün sözlərinə görə, artıq ermənilər özləri də öz əməllərini etiraf etməyə başlayırlar. Muzdlu döyüşçülərin öz etirafları ilə Ermənistanı ifşa etdiklərini deyən M.Göyüşlü qeyd edir ki, onlar Azərbaycanın haqlı olduğunu təsdiqləyirlər: “Xarici vətəndaş olan muzdlu döyüşçülər etiraf edirlər ki, saxta “Ermənistan vətəndaşı” pasportu ilə Azərbaycan ordusuna qarşı döyüşüblər. Bütün bunlar göstərir ki, Ermənistanın bütün fəaliyyəti, çalışmaları saxtakarlıq üzərində qurulub. Xarici ölkə vətəndaşı olan muzdlu döyüşçünün dilə gəlib həqiqəti etiraf etməsi Azərbaycanın təqdim etdiyi faktların bir daha təsdiq edilməsdir. Azərbaycan onsuz da həqiqəti deyirdi, bu etiraflar da bizim haqlı olduğumuzu bir daha sübut etdi”.

M.Göyüşlünün qeyd etdiyinə görə, bütün sahələrdə, o cümlədən də diaspor fəaliyyətində, “vətənpərvərlik” təbliğatı və başqa məsələlərdə  aparılan təbliğat saxtadır, saxta olduğuna görə də fiaskoya uğrayacaq. “Beynəlxalq təşkilatlar  faktların üzərində ona görə dayanmaq istəmirlər ki, onlar bizə ikili standartlarla yanaşırlar. Azərbaycan, türk, müsəlman adı gələndə ikili standartlarla yanaşma mexanizmini işə salırlar. Onlar üçün erməni məsələsi, Ermənistanın güclü və qonşu dövlətlərə qarşı aqressiv olması, əsassız ərazi iddiaları irəli sürməsi daha önəmlidir, nəiniki reallıqlar. Həmin o dünya dövlətləri, beynəlxalq təşkilatları Ermənistanın müharibədə muzdlulardan istifadə etməsi faktına göz yumsalar da, Azərbaycan özü gücünə, öz imkanları hesabına həqiqətləri aşkara çıxartdı, onları dünya birliyinə də, Ermənistana da sübut etdi. Bununla da Ermənistanın və onun havadarlarının anti-Azərbaycan fəaliyyətini darmadağın etdi. Biz 44 günlük müharibənin çox şeyin dəyişdiyini görürük, bu situasiya bundan sonra da dəyişməkdə davam edəcək. Bu dəyişikliyi də, bu situasiyanı da Azərbaycan edib, bu diqtəni də Azərbaycan edir” - deyə M.Göyüşlü qeyd etdi.

YUXARI