XƏBƏRLƏR4.8.2022 17:55

Daha bir şəhid ailəsinə mənzil verilib

247

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunanlardan biri də Şəhid Nicat Səmədovun ailəsidir. Ailəyə Bakının Xocasən qəsəbəsindəki yeni yaşayış massivində iki otaqlı tam təmirli mənzil verilib.

Şəhidin anası Pərvanə Səmədova deyir ki, Nicat sərhədçi olmaq istədiyi üçün hərbi xidmətini başa vurduqdan sonra gizirlik kurslarına yazılıb və sonradan hərbçi kimi işləməyə başlayıb. Aprel döyüşlərində də iştirak edib. 2018-2019-cu illərdə xidmətdə fərqləndiyinə görə fəxri fərmanlara layiq görülüb.

Gizir Nicat Şahin oğlu Səmədov Vətən müharibəsində şərəfli döyüş yolu keçib və Zəngilan uğrunda döyüşlərdə şəhid olub. Dövlət başçısının Sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hazırda dövlət tərəfindən onlara verilən yeni mənzildə yaşayan ailə deyir ki, bu hədiyyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin şəhidimizə, bütün şəhid ailələrinə olan xüsusi diqqətinin göstəricisidir.

Şəhidin valideynləri digər sahələrdə də diqqətlə əhatə olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə əlillərinə 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi ev verilib. Bu ilin sonunadək 1500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub ki, artıq 600 mənzil təqdim olunub. Yaxın iki ayda isə bu kateqoriyadan olan şəxslərə daha 500 mənzil və fərdi ev veriləcək.

YUXARI