İQTİSADİYYAT18.11.2024 15:00

Bu il Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 mlrd ABŞ dollarından çox olub

8696

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 mlrd. ABŞ dollarından çox olub. Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub.

Crossmedia.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində təşkil olunan “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksək səviyyəli biznes dialoqunda deyib.

Onun sözlərinə görə, 1 oktyabr tarixinə Azərbaycanda 191 Almaniya şirkəti aktiv fəaliyyət göstərib.

"1995-ci ildən 2024-cü ilin iyun ayına qədər Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 871 mln. ABŞ dollarını üstələyib və bu sərmayələrin 94%-i qeyri-neft sektorunun payına düşüb.

Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələr yatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592 mln. ABŞ dolları təşkil edib".

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

YUXARI