MƏDƏNİYYƏT31.1.2023 15:39

Bakıda “Türk dünyasından Şuşaya- Şuşadan Türk dünyasına” kitabının təqdimatı olub

5026

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində çap olunmuş eyniadlı kitabın "Azərkitab" kitab yayım mərkəzində təqdimatı keçirilib.

Təqdimat mərasimində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar iştirakçılara kitab haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

Diqqətə çatdırılıb ki, "Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Kitabda yazıları yer ədəbiyyat nümayəndələri yanvarın 26-29-da Azərbaycanda olub Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak ediblər.

Bildirilib ki, tədbirdə türk dünyasının müxtəlif yerlərindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının "Manas" teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas, yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası "Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı Erkinbek Serikbay də var.

Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyərək, Azərbaycan xalqına və şəhidin ailəsinə başsızlığı verib , hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.

Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır.

Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim və s. layihə haqqında öz fikirlərini bölüşüblər.

Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunublar. Eyni zamanda iştirakçılara "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabı hədiyyə edilib.

Qeyd edək ki, kitabın İstanbul və Daşkənd şəhərində də təqdimatları olub.

YUXARI