Bakıda iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransın ikinci günü keçirilir.
Trend xəbər verir ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində Bakıda ilk dəfə keçirilir.
Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayıb.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta biznes müəssisələri" və "yaşıl bacarıqlar"dır.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr ediləcək. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələr diqqət mərkəzində olacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.
Ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyi su və qida resurslarına ciddi təsir edir. Su resurslarının azalması bir sıra xəstəliklərə gətirib çıxarır.
Nazir qeyd edib ki, artıq iqlim dəyişikliyinin kənd təsərrüfatı üzərində təsirini görürük.
“Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının önəmli hissəsini təşkil edir. Son illər yağıntıların az olması qida toplanışını 10 faiz azaldıb. Xəzərdə də su səviyyəsi azalıb və bu sahilyanı zonaya ciddi təsir göstərir. Biz tədbir görməsək bu fəsadlar artacaq. Qlobal temperatur artıq iki milyon insanın yerdəyişməsinə səbəb ola bilər. Daha çox araştırmağa və yeni sistemlərə ehtiyac var”, - deyə M.Babayev bildirib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş elmi işçisi İsmahane Elouafi bildirib ki, Azərbaycan iqlim dəyişikliyi gündəliyi və mübarizədə öndə gələn ölkələrdəndir.
O qeyd edib ki, Azərbaycan da iqlim dəyişikliyi ilə bağlı bir sıra problemlərlə üzləşir.
“Su çatışmazlığı dünyada 2050-ci ilə qədər daha da kəskinləşəcək. İqlim dəyişikliyi artıq qlobal səviyyədə su dairələrinin dəyişməsi ilə nəticələnib və bir çox yerlərə su çatmır. Kənd təsərrüfatında ədalətli su keçidləri nəzərə alınmalıdır.
Kənd təsərrüfatı sahəsində araşdırmalarımız faktlara əsaslanmalıdır”,- deyə o bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli qeyd edib ki, iqlim dəyişikliyi bizdən təcili tədbirlər tələb edir və hər kəsin həyatına təsir edir.
O qeyd edib ki, Azərbaycam iqlim dəyişikliyi ilə bağlı bir sıra fəsadlarla üzləşib.
“Kənd təsərrüfatı da zərər görən sahələrdən biridir. Bu sahə bizim sağ qalmağımızı təmin edir. Biz gələcəyə hazır cəmiyyər qurmaq istəyiriksə torpağın sağlamlığını təmin etməliyik. Davamlı su ehtiyyatları qıtlığı yaranır.
Su resurslarının idarə olunması çox vacibdir. Bəzi çətinliklər su qıtlığı ilə bağlıdır. İqlim dəyişikliyində tempraturun artması yağıntıların dinamikasına təsir göstərir. Biz təxminən hər il 12 milyon kubmetr sudan istifadə edirik. Necə etməliyik ki, su qıtlığının qarşısını alaq? Bu haqda düşünməliyik”,- deyə o bildirib.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov qeyd edib ki, kənd təsərrüfatının iqlim dəyişmələrinə qarşı davamlılığının artırılması “Harmonia” adlı yeni təşəbbüsün əsas məqsədlərindən biridir.
Nazir bildirib ki, "Harmonia" təşəbbüsü çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafı yerli və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq.
Onun sözlərinə görə, bu təşəbbüsün əsas məqsədlərindən biri kənd icmalarının imkanlarını genişləndirmək və onların iqlim dəyişikliyinə qarşı davamlılığını artırmaqdır.
"Kənd təsərrüfatı sektoru iqlim dəyişikliyinin birbaşa təsir etdiyi və təhlükə altında olan sahələrdən biridir. Lakin biz bu problemləri təhlükə kimi qəbul etmirik, əksinə, onları gələcək nəsillər üçün daha davamlı, səmərəli və müasir kənd təsərrüfatı sistemlərinin yaradılması üçün fürsət kimi qiymətləndiririk.
İnnovativ yanaşma və müasir texnologiyalar iqlim dəyişikliyi ilə mübarizədə həlledici rol oynayır. Bununla əlaqədar olaraq, Azərbaycan öz suvarma sistemlərini müasirləşdirir, fermerlər üçün suyun daha səmərəli istifadəsi imkanlarını yaradır və bərpa olunan enerji mənbələrinə sərmayə qoyur", - o, əlavə edib.
COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai bildirib ki, Azərbaycan COP29-da fermerlər üçün "Harmonia" adlı təşəbbüsünü təqdim edəcək.
"Biz COP29 Konfransında fermerlər üçün Bakı İqlim Təşəbbüsü olan "Harmonia"nı təqdim edəcəyik. Bu təşəbbüs iqlim dəyişikliyi şəraitində fermerləri, kəndləri və icmaları dəstəkləməyə yönəlmiş müxtəlif layihələri birləşdirəcək. O, həmçinin bu icmalara maliyyələşdirmə və digər yardımların alınması ilə bağlı tövsiyələr hazırlamağa imkan verəcək", - o vurğulayıb.
COP29 Prezidentliyinin Fəaliyyət Gündəliyi, Su ilə bağlı mərkəzin nümayəndəsi Kəmalə Hüseynli Abışova qeyd edib ki, Yer kürəsində su ehtiyatlarının həcmi getdikcə azalır.
O qeyd edib ki, su ehtiyatlarının azalmasının qarşısını almaq üçün tədbirlər görülməlidir.
“COP29 Prezidentliyi su məsələsini gündəliyinə daxil edib. Məqsəd sırf su mövzusunda davamlı dialoqu təşviq etməkdir. Günbəgün Xəzər dənizinin suyunun azalmasının şahidi oluruq. Bu isə kifayət qədər narahatedici məsələdir.
Su ilə əlaqədar səsinizi ucaltmalıyıq. COP29 bunun üçün uğurlu bir platforma olacaq. Su uzun müddətdir birbaşa kənd təsərrüfatı ilə əlaqələndirilir. Lakin su biomüxtəlifliklə də bağlıdır”, - deyə o bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət İdarəsinin rəisi Firidun Tağıyev qeyd edib ki, Azərbaycanın torpaqlarının böyük qismi suvarılan torpaqlardır. Bunun üçün də su ehtiyatları kifayət qədər olmalıdır.
O bildirib ki, Azərbaycan su böhranı ilə üzbəüz olan ölkələrdəndir.
“Mövcud suyumuzu daha səmərəli istifadə etməliyik. Kənd təsərrüfatı sektoru su istehlakının böyük qismini özündə ehtiva edir. Bizi bəzən buna görə ittiham edirlər ki, bu sektor su ehtiyyatlarını tükədir. Amma dünyanın hər yerində belədir. Hər bir kəs kənd təsərrüfatında istehlak olunan suya cavabdehdir. Bu səbəbdən sudan məqsədyönlü şəkildə istifadə etməliyik.
Azərbaycanın torpaq resursları məhduddur. Kənd təsərrüfatının təməlində idarə olunan suvarma sistemi dayanır. Bizim gələcəklə bağlı proqnozlarımız nikbin deyil. Zamanla daha pis vəziyyətə doğru gedirik. Buna səbəb iqlim dəyişikliyi, təbii resursların azalması və insan sayının artmasıdır”, - deyə o bildirib.