Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub:
"Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər. Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir. Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb".
Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.