XƏBƏRLƏR7.12.2023 13:11

Azərbaycanla Böyük Britaniya arasında vizasız rejim haqqında sazişin imzalanmasına zərurət yaranıb - Nazir

1763

Azərbaycanla Böyük Britaniya arasında vizasız rejimin yaradılmasını nəzərdə tutan ikitərəfli sazişin imzalanmasına çoxdan zərurət yaranıb.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.

"Diqqətinizi Azərbaycan vətəndaşları, o cümlədən, rəsmiləri, tələbələri və biznes nümayəndələrinin Böyük Britaniyaya viza əldə etmək üçün çətinliklərə üzləşdiyi bir sıra hallara yönəltmək istərdim. Ölkələrimiz arasında vizasız rejimin yaradılmasını nəzərdə tutan ikitərəfli sazişin imzalanmasına çoxdan zərurət yaranıb.

Bundan başqa, daha öncə də qeyd olunduğu kimi, Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin ən qısa zamanda imzalanması, Hökumətlərarası Komissiyanın fasiləsiz fəaliyyətini təmin etmək üçün həmsədrlərin ildə iki dəfə virtual görüşlərinin keçirilməsi, mövzu üzrə ekspertlərin mütəmadi əlaqə saxlaması əməkdaşlığımızın genişləndirilməsinə mühüm töhfə verə bilər", - o deyib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası başlayıb.

İclasda iki ölkə arasında biznes mühiti, enerji keçidi, səhiyyə, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Böyük Britaniyanın ixrac məsələləri üzrə dövlət naziri Lord Malkolm Offorddur.

YUXARI