Azərbaycan cəmi 32 ildir ki, müstəqillik yolunda addımlayır. Ancaq bu qısa müddətdə elə sürətlə inkişaf etdi, hərbi, siyasi, iqtisadi qüdrətini elə sürətlə artırdı ki, dünyada 200 il müstəqillik tarixi olanlar dövlətlər mat qaldı. Ermənistanın 30 illik işğalçılıq siyasətini 44 günlük müharibədə yerlə-yeksan etməsi dünyanın ən qüdrətli dövlətlərini təşvişə saldı. Azərbaycanı, necə deyərlər, “öz arşınları” ilə ölçməyə başladılar. Bəzi işğalçı ölkələr, məsələn, Fransa daha çox təşviş keçirməyə başladı. Ancaq düşünmədilər ki, Azərbaycan yalnız işğal altında olan torpaqlarını azad etmək, ərazi bütövlüyünü bərpa etmək uğurunda mübarizə aparırdı. Prezident İlham Əliyev dəfələrlə deyib ki, bizim başqa dövlətlərin ərazisində gözümüz yoxdur. Elə də oldu. Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra məğlub Ermənistana barışıq əlini uzatdı. Ermənistan isə özü xislətdə olan işğalçı Fransa kimi dövlətlərin təsiri altına düşərək “bəlkə də qayatardılar” xülyası ilə sülh müqaviləsindən yayınmağa başladı. Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, son vaxtlar Ermənistan Qərblə Avropanın anti-Azərbaycan qüvvələri arasında qalıb. Qərəzli və işğalçı siyasətı özlərinə peşə hesab edən dövlətlər və bəzi böhtançı beynəlxalq təşkilatlar Ermənistanı yalan üzərində qurduqları hesabat, qətnamə və qərarlarla şirnikdirərək sülh müqaviləsindən uzaqlaşdırırlar. Əslində, belələrinin əsas məqsədi Cənubi Qafqazda münaqişə yaratmaq və bu münaqişəni daha da alovlandırmaqdır. Siyasi riyakarlıqdan, ikili standartlardan, böhtan və qarayaxmadan əl çəkməyən belə dövlət və təşkilatlar hələ də Azərbaycanın şanlı Zəfərini həzm edə bilmirlər. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsində nümunə göstərir. Ona görə də ölkəmizin əleyhinə yönəlmiş hesabatlar, qətnamələr, qərarlar-siyasi riyakarlığın növbəti nümunəsidir. Böhtanla dolu belə hesabatların müəlliflərinə də yaxşı məlumdur ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəlik məhz Ermənistan tərəfindən yerinə yetirilmirdi. Buna baxmayaraq, yalançı bəyanatlar yayanlar sırasına “Freedom House” və Avropa Parlamentinin Xarici əlaqələr komitəsi də qoşulub.
Ə.Bədəlov son vaxtlar qərəzli hesabatların çoxalmasına da münasibət bildirib. Deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsi Ermənistanı və onun havadarlarını daha çox təşvişə salıb: “Azərbaycanın hərbi qüdrətinin getdikcə artdığını görən Qərb və Avropanın işğalçı dövlətləri, xüsusilə Fransanın antiterror tədbirlərini hərbi təcavüz adlandırılmaları onların təşviş keçirmələrini təsdiqləyən faktdır. Ümidlərini qərəzli və böhtanla dolu qətnamə və hesabatlara bağlayanlar Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək ona qarşı sanksiyaların tətbiqinə çağırışlar etməklə özlərində təsəlli tapırlar. Separatizmə dəstək verənlər sırasına “Freedom House” təşkilatının da qoşulması bizi heç də təəccübləndirmədi. Çünki bu təşkilat ölkəmiz haqqında qərəzli qətnamələr qəbul etməklə daim özünü gündəmdə saxlayıb. Bu, ölkəmizə ünvanlanan növbəti qərəzdir: “Əslində, son vaxtlar bu təşkilat unudulduğunu hiss edib və gündəmə qayıtmaq üçün Azərbaycan haqqında yalanla dolu növbəti hesabat hazırlayıb. Ancaq düşünmürlər ki, belə kağız parçaları Azərbaycanı öz mövqeyindən döndərə bilməyəcək. Hər şeydən əvvəl belə kağız parçalarının müəllifləri bu tullantılarla ətraf mühiti korlamaları barədə düşünməlidirlər. Ermənistan öz məğlubiyyətini etiraf etdiyi halda, Qərbin bölgəmizlə bağlı əl-ayağa düşməsi təəccüblü görünür. Qərbin əlində oyuncaq təşkilata çevrilən “Freedom House” “Qlobal demokratiya və azadlıqlar indeksi”, “İnternet azadlıq indeksi” və digər bu kimi illik hesabatlarını açıqlamaqla özünü gülünc vəziyyətinə qoyub. Əslində, bu üzdəniraq beynəlxalq təşkilatın ikrah doğuran hesabalarından söhbət açmaq fikrim də yoxdur. Ancaq bir faktı qeyd etməyi özümə borc bildim. Özünü beynəlxalq statuslu insan haqları təşkilatı kimi qələmə verən “Freedom House” indi də etnik separatizmin dəstəkçisi rolunda çıxış edir. Keçmiş “Dağlıq Qarabağ respublikası”nı Azərbaycandan ayrı, əlahiddə qurum kimi qiymətləndirir. Bununla ABŞ-nin son bir il ərzində Azərbaycana qarşı həyata keçirdiyi təxribatçı siyasət “Freedom House” kimi oyuncaq qurum tərəfindən hazırlanan hesabatda öz əksini tapır. Bunu təşkilatın hesabatları da təsdiqləyir”.
Siyasi şərhçi deyib ki, ən gülməli məqamlardan biri hesabatlarda Ermənistanın yarımazad, Azərbaycanın isə qeyri- azad ölkə kimi göstərilməsidir. Halbuki, Azərbaycanın öz ərazisinin 20 faizini Ermənistanın 30 illik işğalından azad etməsindən cəmi 3 il keçir. Bir neçə ay bundan qabaq isə öz ərazisində keçirdiyi antiterror tədbirləri zamanı özünün ərazi bütövlüyünü tam bərpa etdi. Özlərini insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq təşkilat adalandıranların bunları görməməsi siyasi korluqdur.
“İstər ABŞ, istər Fransa, istərsə də digər qərəzli beynəlxalq təşkilatların separatizmə dəstəyinin bir məqsədi var. “Azərbaycanı Ermənistanla sülh danışıqlarında məğlub duruma salmaq və Azərbaycan üçün qeyri-əlverişli olan sülh müqaviləsini imzalatdırmaq. Azərbaycanın əleyhinə yönəlmiş bu siyasi riyakarlıq nümunəsi olan qərəzli hesabatlar, qətnamələr, qərarlar da buna xidmət edir. Ancaq yanılırlar. Belə kağız parçaları ilə Azərbaycanı, onun liderini mövqeyindən çəkindirmək mümkünsüzdür”,- deyə Ə.Bədəlov bildirib.