GÜNDƏM24.6.2022 10:03

Azərbaycan və Özbəkistan dövlət başçılarının inkişaf naminə atdıqları addımlar təqdirəlayiqdir

103

Prezident İlham Əliyevin Özbəkistana səfəri, verilən bəyanatlar, imzalanan sənədlər iki türk ölkəsinin əlaqələrini daha da inkişaf etdirəcək. Bu fikirləri Azərbaycan Vətəndaş Hərəkatının icraçı direktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib. O qeyd edib ki, səfər çərçivəsində sənədlərin imzalanması Qafqazda, Mərkəzi Asiyada önəmli mövqeyə sahib olan dövlətlər üçün tarixi bir məqamdır, dövlət başçılarının da ifadə etdiyi kimi, bir sıçrayışdır.

Hər iki türk dövlətinin liderlərinin bir-birinə qarşılıqlı dəstəklə bağlı verdikləri açıqlamalr diqqəti cəlb edir. Ancaq Özbəkistan Prezi­denti Şavkat Mirziyoyevin Azərbaycanı II Qarabağ müharibəsində qazandığı qələbə münasibətilə ürəkdən təbrik etməsi xüsusilə diqqətlayiqdir.

Özbəkistan dövlət başçısı tərəfindən səslənən fikirlər – işğaldan azad olunan torpaqların çiçəklənən diyara çevrilməsi, Azərbaycan xalqının əzəli torpaqlarının geri qaytarılmasının tarixi ədalətin bərpası kimi dəyərləndirilməsi haqq işimizə verilən birmənalı dəstəyin, düşmənə, onun hava­darlarına mesajın göstəricisi sayıla bilər. Yəqin məhz buna görə də hər iki tərəf hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılması­nı qərara aldı. Açıq şəkildə bu sahədəki fəaliyyətin möhkəmlənəcəyi bəyan edildi. “Kənar təhdidlər var, ölkələrimiz və xalqları­mız onlarla üzləşməli olurlar” – deyən Prezi­dent İlham Əliyev dolayı və birbaşa şəkildə hər iki dövlətin ortaq problemlərə malik olduğunu, buna qarşı mübarizənin birgə təşkil edilməli olduğunu gündəmə gətirdi.

Məhz həmin təhdidlərə qarşı birgə mübarizəni təşkil etmək üçün soyu bir, dili bir, dini bir, tarixi bir olan türk dövlətləri – Azərbaycan və Özbəkistan qlobal mahiyyətli Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə imzaladılar. Tərəflər bununla da ərazi bütövlüyünün, müstəqilliyin, suverenliyin bütün beynəlxalq və regional platformalarda qarşılıqlı şəkildə dəstəklənməsi üçün mühüm bir addım atmış oldular. Narahat və gərgin regionda yerləşən türk dövlətlərinin bir-birini dəstəkləməsi, həmrəy göstərməsi çox vacib bir məsələdir.

Özbəkistanın Qarabağ məsələsindəki mövqeyi yalnız sözdə deyil, əməldə də özünü göstərir. İşğaldan azad edilən Füzuli şəhərində özbək xalqı tərəfindən hədiyyə olaraqməktəb tikilməsi Qarabağa, haqq işimizə qardaşlarımız tərəfindən göstərilən münasibətdir. Təhsilə, azad edilmiş ərazilərimizin bərpasına qardaş dəstəyi daim yad ediləcək və xatırlanacaq. İstər II Qarabağ müharibəsi vaxtı, istərsə də müharibədən sonra bizə birmənalı dəstək verən ölkələr içərisində türk dövlətlərinin – Türkiyə ilə yanaşı, Özbəkistanın da olması bizi qürurlandıran məqamdır.

Bütün sahələr üzrə – mədəniyyət, təhsil, iqtisadiyyat, elm, hərbi, diplomatiya və başqa istiqamətlərdə əməkdaşlıq etməyi qərarlaşdıran dövlət başçılarının mesaj­ları açıq oldu. Bu prosesə mane olanlar (istər daxildə, istər xaricdə) öz cavablarını alacaq, dəstək olanlar mükafatlandırıla­caq. Bu isə Azərbaycan və Özbəkistanın əməkdaşlıq məsələsində, qarşılıqlı faydalı çalışmaların həyata keçirilməsində nə qədər qətiyyətli olduğunun göstəricisidir. Şübhəsiz ki, bu qərarlılıq da öz müsbət faydasını və nəticəsini göstərəcəkdir.

Xalq qəzeti

YUXARI