MÜSAHİBƏ23.6.2022 06:00

Azərbaycan və Bolqarıstan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların təşviqi baxımından aparıcı rol oynaya bilər - Səfir

142

Trend Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynovla özəl müsahibəni təqdim edir:

- Azərbaycanla Bolqarıstan arasında iqtisadi əməkdaşlığın prioritetləri nədən ibarətdir?

- Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq münasibətləri ənənəvi olaraq dostluq əlaqələri üzərində qurulmuşdur. Bu il Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin təsis edilməsinin 30-cu ildönümü qeyd olunur.

Azərbaycan-Bolqarıstan münasibətlərinin hazırkı əsasını təşkil edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində Sofiyada imzalanmış strateji tərəfdaşlıq haqqında birgə bəyannamə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. 2020-ci ildə dünyada cərəyan edən qlobal pandemiya ikitərəfli ticarət dövriyyəmizə mənfi təsir etmişdir. Lakin artıq 2021-ci ildən iki ölkə arasında ticarət dövriyyəsində müsbət artım dinamikası müşahidə olunmağa başlamış və ilin sonuna 72.65 mln. ABŞ dolları təşkil etmişdir. 2022-ci ilin ilk dörd ayı ərzində bu göstərici 50.3 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da ilin sonunadək daha da artacaqdır.

Azərbaycandan Bolqarıstana ixracın əhəmiyyətli hissəsini əsasən xam neft, neft məhsulları və təbii qaz təşkil edir. 2013-cü ildə Azərbaycanla Bolqarıstan arasında 25 il müddətində illik 1 milyard kubmetr həcmində təbii qazın idxalı ilə bağlı müqavilə imzalanmışdır və Azərbaycan təbii qazı 31 dekabr 2020-ci il tarixindən etibarən Bolqarıstana təchiz olunmağa başlanmışdır. Yaxın aylar ərzində Yunanıstan–Bolqarıstan interkonnektorunun (İGB) işə salınmasından sonra ölkəmizdən Bolqarıstana ixracın əhəmiyyətli dərəcədə artacağını ehtimal etmək olar.

Azərbaycan-Bolqarıstan münasibətlərində enerji məsələləri üstünlük təşkil etsə də, hər iki dövlət qeyri-enerji sahəsində, o cümlədən, nəqliyyat, sənaye, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bununla əlaqədar, Azərbaycan ilə Bolqarıstan arasında ticarət mübadiləsinin diversifikasiyası və qarşılıqlı sərmayə imkanlarının artırılması istiqamətində də işlər aparılır.

Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının bu il ərzində Bakıda keçirilməsi və iclas çərçivəsində biznes forumun təşkil olunması hazırda aktual məsələlər sırasındadır.

- Bolqarıstan hökuməti Azərbaycan qazının IGB vasitəsilə nəzərdə tutulan vaxt çərçivəsində idxalına başlanması üçün hansı tədbirləri görür?

- İlk növbədə, qeyd olunmalıdır ki, energetika sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir. Bolqarıstanda hazırda təbii qaz qiymətlərinin kəskin qalxması ilə bağlı vəziyyətin olduqca ciddi olduğunu nəzərə alaraq, strateji tərəfdaş və dost ölkə olaraq Azərbaycan hər zaman mövcud imkanlar çərçivəsində Bolqarıstana öz yardımını əsirgəməyib. Avropa enerji bazarında yaşanan qeyri-müəyyənlik fonunda Bolqarıstan hökuməti ölkənin enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun mümkün ən qısa zaman ərzində işlək vəziyyətə gətirilməsi üçün ciddi səylər göstərir və bütün tərəfdaşlarla bununla bağlı fəal dialoq aparır. Bolqarıstan Respublikasının Baş naziri tərəfindən yerli mətbuata verilmiş açıqlamada İGB-nin cari ilin iyul-avqust aylarında istismara verilməsinin nəzərdə tutulduğu qeyd olunmuşdur. Sözügedən boru kəməri istismara verildikdən sonra Bolqarıstan tərəfi Azərbaycan təbii qazını tam həcmlə almağa müvəffəq olacaqdır. Əminliklə qeyd etmək olar ki, Azərbaycan etibarlı enerji təchizatçısı, eləcə də bir sıra böyük əhəmiyyətə malik regional layihələrin müəllifi kimi öz öhdəliklərini bundan sonra da tam yerinə yetirərək Bolqarıstanın enerji bazarında mühüm rol oynayacaqdır.

- Bolqarıstan Azərbaycandan idxal olunacaq qazın həcminin artırılmasında maraqlıdırmı?

- Əlbəttə, hazırda Avropa enerji bazarında yaşanan böhran və qeyri-müəyyənlik şəraitində alternativ enerji mənbələrinin rolu daha da artmış və Bolqarıstan da daxil olmaqla bir sıra Avropa ölkələri ölkəmizdən idxal olunan mavi yanacağın həcmlərini artırmaqda maraqlıdır. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) mövcud enerji böhranı şəraitində öz əhəmiyyətini bir daha sübut edərək Avropa istehlakçılarını fasiləsiz təbii qazla təmin edilməsində müstəsna rol oynamışdır. Azərbaycan həm region, həm də Avropa ölkələri üçün etibarlı enerji təchizatçısı kimi rolunu davam etdirmək əzmindədir və əlavə təbii qaz həcmlərinin təchiz edilməsinə hazırdır. Lakin təbii qaz təchizatının həyata keçirilməsi məqsədilə öncə idxaledən və ixracedən (sifarişçi) şirkətlər arasında tədarüklə bağlı müvafiq müqavilənin imzalanmasına ehtiyac duyulur. Bundan əlavə, belə bir müqavilə imzalandıqdan sonra razılaşdırılmış təbii qaz həcmlərinin təchiz olunması üçün ilk olaraq Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin artırılması tələb olunur ki, bu da ölkəmiz ilə Avropa Komissiyası arasında aparılan enerji dialoqu çərçivəsində müzakirə olunan başlıca mövzulardan biridir.

- Bolqarıstan şirkətləri Qarabağdakı layihələrdə iştirak etmək üçün müraciət edirlərmi?

- Sözsüz ki, tərəfimizdən işğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işlərində dost və strateji tərəfdaş ölkə olaraq Bolqarıstanın iri şirkətləri və işgüzar dairələrinin iştirakı təşviq olunur. Qeyd etdiyim kimi, cari il ərzində keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində hər iki ölkənin işgüzar dairələri üçün biznes forumun keçirilməsi nəzərdə tutulur. Sözügedən iclas çərçivəsində Bolqarıstan nümayəndələrinin yerində vəziyyətlə tanış olunması və gələcək fəaliyyətin təşkil olunması məqsədilə işğaldan azad olunmuş ərazilərə səfəri də tərəfimizdən planlaşdırılır. Bununla yanaşı, minaların aşkar olunaraq zərərsizləşdirilməsi sahəsində kifayət qədər böyük təcrübəsi olan aparıcı bolqar şirkətlərinin də ölkəmizdə həyata keçirilən minatəmizləmə işlərinə cəlb olunması istiqamətində də tərəfimizdən fəaliyyət aparılır.

- Bolqarıstan iqtisadiyyatın hansı sahələrinə Azərbaycandan gələn investisiyaların yönəldilməsində maraqlıdır? Azərbaycan iqtisadiyyatının hansı sahələri bolqar investorları üçün cəlbedicidir?

- Qeyri-neft sektorunda ikitərəfli iqtisadi əlaqələrimizin inkişafı Azərbaycan və Bolqarıstan üçün mühüm əhəmiyyət kəsb etdiyini və Bolqarıstan ilə əməkdaşlıqda sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı və turizm sahələrinin inkişaf etdirilməsinə xüsusi önəm verildiyini nəzərə alaraq, öncə bu sahələrdə sərmayələrin yatırılması qarşılıqlı maraq kəsb edir. Bununla yanaşı, Azərbaycan ilə Bolqarıstan arasında ticarət mübadiləsinin diversifikasiyasının təmin edilməsi istiqamətində qarşılıqlı səylərin inkişaf etdirilməsi zəruridir. Azərbaycan şirkətləri Bolqarıstana kənd təsərrüfatı (fındıq, pomidor, alma, pambıq iplik, kartof, çay, marqarin, şaftalı və s.), kimya sənayesi (polietilen, metanol, spirt) və digər sənaye (emal olunmamış alüminium, polad yarımfabrikatlar, nasos kompressor boruları, kağız və karton, duz) məhsullarını ixrac edə bilər. Bolqarıstandan isə unlu qənnadı məmulatlar, günəbaxan yağı, pendir, qarğıdalı, diri iribuynuzlu heyvan, əczaçılıq vasitələri, mebel, soyuducu avadanlıqlar, tibbi aparat və cihazlar, elektrik akkumlyatorlar idxal edilə bilər. Qeyd etmək istərdik ki, hazırda bir sıra bolqar şirkətləri tərəfindən ölkəmizdə investisiya layihələri həyata keçirilir. Bolqar şirkətləri tərəfindən əsasən sənaye və neft-kimya sahələrinə maraq nümayiş etdirilir. Bolqarıstan tərəfi ölkəmizdən enerji və infrastruktur layihələrinə sərmayələrin cəlb edilməsində maraqlı görünür. Bu xüsusda, bolqar şirkətləri tərəfindən ölkəmizdə işlənmiş sənaye və mühərrik yağlarının hidroloji texnologiyalar əsasında təkrar emalını həyata keçirəcək zavodun inşa edilməsini, eləcə də mina aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə yüksək texnologiyaların ölkəmizdə tətbiq edilməsində hazır olmasını qeyd etmək olar.

- Bolqarıstan və Azərbaycan bir-birinin nəqliyyat imkanlarından necə faydalana bilər?

- Energetika sahəsindən sonra nəqliyyat sahəsi iki ölkə arasında əməkdaşlıq üçün digər mühüm prioritet sahə təşkil edir. Əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların təşviqi baxımından aparıcı rol oynaya bilər. Ölkələrimiz arasında bu sahədə əməkdaşlıq uzunmüddətli əlaqələrə əsaslanır. Azərbaycan və Bolqarıstan 1998-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) təsisçi ölkələrindən olmuşdur.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin təşviqinə töhfə vermək məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində sistemli və intensiv tədbirlər görür və bu sahədə mühüm nailiyyətlər əldə etmişdir. Tikintisində ən müasir standartlara cavab verən son mühəndislik yeniliklərdən istifadə olunmuş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi artıq Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Bu xüsusda, qeyd etmək istərdik ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Bolqarıstanın “Limanlar İnfrastrukturu” dövlət şirkəti arasında hər iki istiqamətdə əlavə yüklərin cəlb edilməsi üçün əməkdaşlıq münasibətləri mövcuddur.

Digər vacib layihə açılışı 2018-ci ildə baş tutmuş və Avropa və Asiya arasında nəqliyyat bağlantılarının təşviqi baxımından əhəmiyyəti Avropa İttifaqı tərəfindən də vurğulanmış Bakı-Tbilisi-Kars (BTK) dəmir yoludur. BTK vasitəsilə yüklərin Türkiyə üzərindən Bolqarıstana və buradan digər Avropa ölkələrinə də daşınması mümkündür.
Qeyd etmək olar ki, 10 Avropa nəqliyyat dəhlizindən 5-nin Bolqarıstanın ərazisindən keçdiyini nəzərə alaraq, nəqliyyat sahəsində Bolqarıstanla Azərbaycan arasında əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Son illər ərzində həm qlobal, həm də regional səviyyədə baş verən meyllər nəqliyyat bağlantılarının əhəmiyyətini daha da artırmışdır.
Bu xüsusda, diqqəti Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) və ya Orta Dəhlizə yönəltmək istərdik. Belə ki, bu marşrutun coğrafiyası Çinin Sakit okean sahilindən başlayaraq Xəzər dənizi və Azərbaycan əraziləri üzərindən Avropaya doğru uzanır. Cari geosiyasi vəziyyət müstəvisində Orta Dəhlizin önəmi daha da aktuallaşmış və bu istiqamətdə yükdaşımaların həcmi getdikcə artmaqdadır. Avropa İttifaqı ilə Çin arasında gündəlik yükdaşımaların dəyərinin 2021-ci ildə 2 milyard dollara çatdığını nəzərə alaraq, bu yüklərin qismən ölkələrimiz üzərindən daşınmasının təşviq edilməsi istiqamətində Azərbaycan ilə Bolqarıstanın birgə səyləri qarşılıqlı maraqlara cavab verir.

YUXARI