Prezident İlham Əliyev: “Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”
Çin və Azərbaycan arasında münasibətlər son illərdə müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və təhsil sahələrində dinamik şəkildə inkişaf edir. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəkləyir və bu da strateji əməkdaşlığın əsasını təşkil edir. Məsələn,“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu əməkdaşlıqda mühüm rol oynayır. Enerji sektorunda Çin şirkətləri Azərbaycanın enerji layihələrində maraq göstərir və birgə layihələrə cəlb olunurlar. Mədəniyyət və təhsil sahəsində isə tələbə mübadiləsi, mədəni tədbirlər gücləndirilir. Prezident İlham Əliyev aprelin 21-də Çinin Sinxua agentliyinə verdiyi müsahibədə iki ölkə arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyini vurğulayıb: “İkitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk. Bu gün əminliklə demək olar ki, münasibətlərimiz çox müsbət dinamikaya malikdir. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.
Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirakı əlamətdar hadisə oldu. Bu tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT-nin nümayəndələri iştirak etdilər. İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılması COP29 çərçivəsində qəbul edilən mühüm qərarlardır.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində iqlim fəaliyyəti və dayanıqlı inkişaf arasında əlaqəni əhatə edən 14 qlobal təşəbbüslə çıxış etdi və onlar geniş beynəlxalq dəstək aldılar. Əldə olunan razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və dünyanın iqlim gündəliyi üçün müstəsna əhəmiyyətə malikdir.
Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdik ki, bu da konfransı yüksək səviyyədə keçirməyə, tarixi nəticələr əldə etməyə və çoxtərəfli danışıqlarda əsl sıçrayışa imkan verdi. Fürsətdən istifadə edərək, fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığımı bildirmək istəyirəm”. Çin ilə münasibətlərin dərinləşdirilməsi Azərbaycanın çoxvektorlu xarici siyasət strategiyasının vacib tərkib hissələrindən biridir. Azərbaycan həm region ölkələri, həm də beynəlxalq güc mərkəzləri ilə balanslaşdırılmış əlaqələr qurmağa çalışır və bu çərçivədə Çin Xalq Respublikası ilə əməkdaşlıq xüsusi önəm daşıyır. Azərbaycan Çin üçün Cənubi Qafqazda mühüm tərəfdaşdır, xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsü fonunda. Bakı vasitəsilə Çin mallarının Avropaya çatdırılması daha sürətli və sərfəli hala gəlir. Enerji və sənaye sahəsində əməkdaşlıq da önəmlidir.
Azərbaycan enerji resursları ilə zəngin ölkə kimi Çinin enerji təhlükəsizliyi baxımından maraq dairəsindədir. Eyni zamanda, Çin şirkətləri Azərbaycanda müxtəlif infrastruktur və sənaye layihələrinə sərmayə yatırırlar. Təhsil və mədəniyyət sahəsində əlaqələr də inkuşaf edir. Belə ki, son illərdə Konfutsi institutlarının fəaliyyəti genişlənib, Azərbaycan universitetlərində Çin dili və mədəniyyəti öyrədilir, eyni zamanda azərbaycanlı tələbələr Çində təhsil almaq imkanları əldə edirlər. Siyasi dialoq və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Çin bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatı kimi platformalarda bir-birini dəstəkləyirlər.
Bu gün Azərbaycan Qlobal Cənubun bir hissəsi kimi, inkişaf etməkdə olan ölkələrlə, xüsusilə də Asiya, Afrika və Latın Amerikası dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir. Bu kontekstdə Çin ilə münasibətlərin inkişafı da Azərbaycanın qlobal siyasi və iqtisadi sistemdə balanslı mövqe tutmaq strategiyası ilə üst-üstə düşür. Dövlətimizin başçısı müsahibədə bu məsələyə də toxunub: “Biz sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində çıxış etdik.
Ötən il Astanada ÇXR-in Sədri Si Cinpin ilə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdik. Tərəfimizdən BMT-nin himayəsi altında beynəlxalq sistemin birgə dəstəklənməsi onun beynəlxalq məsələlərdə rolu, həqiqi çoxtərəflilik mövqeyi, həmçinin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquq, məqsəd və prinsiplərə əsaslanan dünya nizamının birgə dəstəklənməsi əzmi ifadə olundu.
Mənartıq dedim ki, Qlobal Cənubun bir hissəsi kimi, həmişə onun maraqlarını müdafiə etmişik. Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir”. Qlobal Cənubun bir hissəsi olmaq Azərbaycanın beynəlxalq səviyyədə oynadığı rolu daha da genişləndirir. Belə ki, Azərbaycan Qlobal Cənub ölkələri kimi beynəlxalq münasibətlərdə ədalət, bərabərlik və qarşılıqlı hörmət prinsiplərini müdafiə edir. Bu, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində daha aydın görünür. Bu baxımdan iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf vacibdir. Qlobal Cənub ölkələri ilə ticarət, investisiya və texnologiya transferi sahəsində əməkdaşlıq Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi siyasətinə töhfə verir. Qərb və Rusiyadan əlavə, Çin kimi nəhəng iqtisadi güclərlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində alternativlərin artırılmasına xidmət edir. Azərbaycan mədəni və humanitar körpülərin qurulmasını da diqqətdə saxlayır. Azərbaycan Qlobal Cənub ölkələri ilə mədəni əlaqələri gücləndirməklə həm də "sivilizasiyalararası dialoq" ideyasının fəal tərəfdarına çevrilir. Beləliklə, Çin ilə əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də Azərbaycanın Qlobal Cənub kontekstində beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından mühüm rol oynayır.
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu