GÜNDƏM2021.10.14 13:44

Azərbaycan Prezident İlham Əliyevin güclü iradəsi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində tarixi uğura nail olub - Özbəkistan səfiri

6

Azərbaycan Prezident İlham Əliyevin güclü iradəsi, düşünülmüş və uzaqgörən siyasəti, eləcə də vətəndaşların fədakarlığı və qəhrəmanlığı sayəsində tarixi uğura nail olub.

Trend-in məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.

Səfir 44 günlük Vətən müharibəsi zamanı həlak olanlarla əlaqədar Azərbaycan xalqına başsağlığı verib:

"Biz çox təəssüflənirik ki, bu müharibədə çox sayda insan itkisi oldu. Biz Azərbaycanla birgə Vətəni və onun çiçəklənməsi uğrunda canından keçmiş vətənpərvərlərə görə hüznlənirik. Bu, əvəzolunmaz itkidir".

B.Aşrafxanov qeyd edib ki, Azərbaycan xalqının qəhrəman oğulları öz həyatları hesabına tarixi ədaləti bərpa edib və əzəli Azərbaycan torpaqlarını azad edib:

"Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin güclü iradəsi, düşünülmüş və uzaqgörən siyasəti, eləcə də vətəndaşların fədakarlığı və qəhrəmanlığı sayəsində sizin ölkəniz tarixi uğura nail olub".

Səfir bildirib ki, Özbəkistan 30 il ərzində Azərbaycanın ərazi bütövlüyü məsələsində qəti və dəyişməz mövqe nümayiş etdirib:

"Biz 2020-ci il 10 noyabr tarixində atəşin dayandırılması barədə üçtərəfli bəyanatın imzalanmasını böyük məmnunluqla qarşıladıq. Özbək xalqı çox şaddır ki, qardaş Azərbaycan faktiki olaraq BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin müddəalarını icra edərək ərazi bütövlüyünü bərpa etdi".

B.Aşrafxanov əmin olduğunu bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərin dirçəldilməsi, orada yaşayış məskənlərinin salınması üçün kifayət qədər gücü və imkanı var:

"Ən əsası isə 30 il əvvəl doğma yurdlarını tərk etmək məcburiyyətində qalmış insanların evinə xoşbəxtliyi qaytarmaqdır. Özbəkistan, öz növbəsində azad edilmiş ərazilərin bərpası prosesində kənarda qalmaq niyyətində deyil. Biz həm də əmək resurslarının təqdim edilməsi yolu ilə kömək göstərəcəyik".

YUXARI