MƏDƏNİYYƏT1.7.2024 12:00

Azərbaycan Avstriyada millətlər festivalının qalibi olub

14941

Avstriyanın tanınmış kurort turizm regionlarından olan Zalsburq əyalətinin Bad Hofqastayn qəsəbəsində dördüncü millətlər festivalı keçirilib. Bu barədə Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov bildirib.

O, qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə festivalda ölkəmizi Zalsburq şəhərində fəaliyyət göstərən Avstriya Azərbaycanlıları Cəmiyyəti və Azərbaycan Evi təmsil edib.

Qırxdan çox millətin birgə yaşadığı, yay və qış turizmi, kurortları və füsunkar təbiəti ilə tanınan, Qastayn dərəsində yerləşən qəsəbədəki festivalın məqsədi müxtəlif xalqların mədəni müxtəlifliyi, milli mətbəxi, musiqi və rəqslərini nümayiş etdirmək, regionun multikultural dəyərlərini zənginləşdirməkdir.

Zalsburq şəhərində yerləşən KULTUR.GUT təhsil təşkilatının Bad Hofqastayn bələdiyyəsi və Turizm Birliyi ilə əməkdaşlıq şəklində hazırladığı festivalda Azərbaycan guşəsi xüsusi maraqla qarşılanıb. Guşədə milli xörəklərimiz və şirniyyatlarımız, eləcə də Azərbaycan istehsalı olan məhsul və suvenirlər təqdim olunub.

Festivalda milli geyimdə iştirak edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin üzvləri yerli sakinlər və turistlərə ölkəmiz, onun zəngin mədəniyyəti, musiqisi, mətbəxi barədə məlumat verib, kitab və broşürlər hədiyyə ediblər.

Festivalda müxtəlif ölkələrin nümayəndələri milli musiqi və rəqslərini də təqdim ediblər. Soydaşlarımızın təqdimatında “Uzundərə“ və ”Naz eləmə” rəqsləri xüsusi maraqla qarşılanıb.

Festival təşkilatçıları sonda ən maraqlı təqdimata görə Azərbaycan guşəsini birinci yerlə mükafatlandırıb, regionun mədəni müxtəlifliyinin tanıdılmasına həsr edilmiş festivala verilən töhfəyə görə təşəkkür ediblər. Avstriyanın yerli telekanalına F.Əzizov ölkəmizin milli mənəvi dəyərlərindən qonaqpərvərliyindən və xüsusi ilə cənnət məkan Qarabağdan bəhs edib və jurnalistlərə Azərbaycan haqqında geniş kitablar təqdim edib.

YUXARI