MƏDƏNİYYƏT7.5.2022 18:31

Azərbaycan Antalyada mədəniyyət festivalında geniş şəkildə təmsil olunur

568

Mayın 6-da Türkiyənin Antalya şəhərində Türk Xalqlarının Ənənəvi Mədəniyyət Festivalının açılışı olub. Azərbaycan festivalda geniş şəkildə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı və Nizami Cəfərov, Mədəniyyət Nazirliyinin sektor müdiri Elgün Əliyev, ölkəmizin Türkiyədəki səfirliyinin və İstanbuldakı baş konsulluğunun əməkdaşları Ceyhun Xəlilov və Zaur Allahverdizadə festivalın açılış mərasiminə qatılıblar.

Bundan başqa, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Səma” rəqs qrupu, eləcə də Türkiyədə fəaliyyət göstərən “Antalya Azərbaycan mədəniyyət və dayanışma”, “Gələcəyin insanları məkanı, gələcəyin imkanları məkanı”, “Azərbaycan deyincə” və digər dərnəklər ölkəmizi təmsil edirlər.

Azərbaycanla bağlı qurulan çadırlarda və stendlərdə ölkəmizin tarixi, mədəniyyəti, gözəl təbiəti, zəngin mətbəxi geniş təbliğ olunur, Azərbaycan-Türkiyə qardaşlığı tərənnüm edilir.

Festival mayın 8-dək davam edəcək.

YUXARI