MEDİA və QHT14.6.2021 14:03

Azər Həsrət beynəlxalq ekspert şurasına dəvət edildi

1453

Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, bayraqdar.info-nun qurucu-redaktoru Azər Həsrət nüfuzlu beynəlxalq jurnalist mükafatı ekspert şurasının üzvlüyünə dəvət edilib. Bu haqda mediaya xəbəri A.Həsrətin verib.

Əməkdar jurnalistin dediyinə görə, ötən həftə ona “Fetisov Jurnalistika Mükafatları” (Fetisov Journalism Awards) adlı beynəlxalq mükafatın ekspert şurasına üzv olmaq təklif edilib. A.Həsrət bu təklifi qəbul etdiyini deyib.

“Uzun illər beynəlxalq jurnalist və insan haqları təşkilatlarıyla iş təcrübəsi olan birisi kimi bu təklifi qəbul etməyi uyğun gördüm. Çünki istər təcrübə sahibi, istərsə də beynəlxalq platformaların rolunu yaxşı bilən birisi kimi burada olmağım Azərbaycan mediası üçün gərəklidir. O baxımdan təklif gəldikdən sonra bu işə vaxt ayıra biləcəyimə qərar verdim”, – deyə A.Həsrət bildirib.

“Fetisov Jurnalistika Mükafatları”nın ümumi fondu 520 min İsveçrə frankıdır (təxminən 1 milyon manat). Məbləğin 400 mini 1-ci, 80 mini 2-ci, 40 mini isə 3-cü yeri tutan qaliblərə təqdim ediləcək. Yeri gəlmişkən, bu mükafat jurnalistika mükafatları tarixində ən böyük məbləğdir.

Mükafatın təsisçisi Rusiyalı filantrop, iş adamı, prodyuser və elm adamı Gleb Fetisovdur. A.Həsrətin də üzvü olduğu Vyana mərkəzli Beynəlxalq Mətbuat İnstitutu (BMİ) mükafatın tərəfdaşıdır.

Bu il mükafat 3-cü dəfə təqdim ediləcək.

Qlobal səviyyədə jurnalistlər üçün açıq olan mükafata dörd kateqoriya üzrə iddia etmək olar: sülhə töhfə, mülki hüquqlara töhfə, araşdırma jurnalistikası, ekoloji jurnalistika.

Əlavə edək ki, A.Həsrət bundan öncə də beynəlxalq mükafatların qaliblərinin müəyyən edilməsində iştirak edib. 2011-ci ildə BMİ-də onun koordinatorluğu ilə “Azad Media Öncülü” (Free Media Pioneer) mükafatının seçimi keçirilib. O seçimin qalibi məlum “ərəb baharı” prosesində ifadə azadlığına xidmətlərilə fərqlənmiş Tunisin “Kəlimə” radiosu olmuşdu.

Bundan başqa, 2004-cü ildə məhz A.Həsrətin qurucusu və sədri olduğu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) də “Azad Media Öncülü” mükafatına layiq görülmüşdü. Mükafat A.Həsrətə Polşanın paytaxtı Varşavada BMİ-nin qurultayında təqdim edilmişdi.

YUXARI