ABŞ Prezidenti Co Bayden prezidentliyə və vitse-prezidentliyə namizədlərin təhlükəsizliyini təmin etmək üçün ölkənin Məxfi Xidməti tərəfindən görülən tədbirləri gücləndirən qanun imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətinin bəyanatında deyilir.
Sənəd ABŞ Məxfi Xidmətini dövlət başçısı və vitse-prezidentin, habelə bu vəzifələrə iddiaçıların təhlükəsizliyinin təmini üçün vahid standartların tətbiqinə məcbur edir.
Bundan əvvəl qanun layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən təsdiqlənmişdi.
Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Rou daha əvvəl respublikaçı Donald Trampa qarşı iki sui-qəsd cəhdindən sonra qanunvericilərdən maliyyəni əhəmiyyətli dərəcədə artırmağı xahiş etmişdi.