Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsin və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qala qəsəbəsi ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakı şəhərində, Abşeron yarımadasında və ölkənin müxtəlif bölgələrinə yaşıllaşdırma kampaniyaları həyata keçirilir.
Aksiyada Xəzər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov, “Denrologiya Bağı” PHŞ-in İdarə Heyəti sədrinin müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova və digər əməkdaşlar iştirak edib. Bakı şəhəri və Abşeron yarımadasında yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi məqsədilə həyata keçirilən aksiyaya icra qurumlarının əməkdaşları və könüllülər də qatılıb. Öncə ərazi daş və digər tullantılardan təmizlənərək əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə aksiya iştirakçıları tərəfindən paytaxtın iqlim şəraitinə uyğun olaraq seçilmiş sərv ağacları əkilib.
Qeyd olunub ki, aksiyanı keçirməkdə məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.